Şuşanın mədəniyyəti
2021-ci ilin 7 may tarixində cənab Prezident İlham Əliyev Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: “Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur.
1977-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir.
Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır.
Şuşa – Zaqafqaziyanın konservatoriyasıdır, təbirini və təyinini haqlı olaraq qazanmışdır. Şuşa konservatoriyasının parlaq nümayəndələri dünyanın bütün qitələrində Azərbaycan musiqisini layiqincə təmsil edərək ona şöhrət gətirmişlər.
1897-ci ilin fevralında Şuşada ilk şəhər kitabxanası yaradılmışdır.
Daha sonralar Şuşa şəhərində 2 kitabxana- şəhər və uşaq kitabxanası fəaliyyət göstərmişdir. Mədəniyyət Nazirinin əmri ilə 1977-ci ilin may ayında kitabxananın fəaliyyəti genişləndirilərək Şuşa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi kimi fəaliyyətini davam etdirmişdir.
1992-ci il may ayının 8-də 200 min nüsxədən artıq kitab fondu olan Şuşa şəhər Mərkəzi kitabxanası Ermənistan Silahlı Qüvvələri tərəfindən məhv edilmişdir.
1848-ci ildən başlayaraq Şuşada ziyalılar arasında teatr tamaşaları nümayiş etdirilib. 1848-ci ildə Şuşada iki böyük tamaşa mərkəzi-teatr və sirk mövcud idi.
1894-cü ilin yay aylarında xeyriyyə məqsədilə bir-birinin ardınca üç əsərin "Hacı Qara", "Müsyo Jordan və dərviş Məstəli şah", "Xırs quldurbasan" tamaşasını oynayan Şuşanın həvəskar artistləri-gənc müəllimlər 1895-ci ildə yerli müəllimlərdən olan Haşım bəy Vəzirovun "Evlənmək su içmək deyil" adlı pyesinin tamaşasını göstərmiş, əldə etdikləri 500 manat gəliri sənət məktəbinə vermişlər.
1904-cü il avqust ayının 22-də Şuşada göstərilən "Otello" tamaşası daha böyük müvəffəqiyyət qazanmış, tamaşanın sorağı Azərbaycandan kənarda da əks-sədaya səbəb olmuşdur. Tamaşanın quruluşunu əsərin mütərcimi və baş rolun ifaçısı Haşım bəy Vəzirov hazırlamışdı.
Şuşada həmçinin məşhur filmlərimizdən də çəkilib. Bunlara misal olaraq, "Koroğlu", "Gilan qızı", "Hacı Qara", "Oxuyur Şövkət Ələkbərova" və digərlərini qeyd etmək olar.
1989-cu ildən başlayaraq hər il Şuşada- Cıdır düzündə "Xarıbülbül" musiqi festivalı keçirilirdi. Festival sadəcə 1991-ci ilə qədər davam edə bilib.
2020 –ci il noyabr ayının 8-də Şuşa şəhəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin və mübariz Azərbaycan xalqının qətiyyəti sayəsində qəhrəman ordumuz tərəfindən erməni vandallarının işğalından azad edilərək Azərbaycanın mədəniyyət paytaxtı elan edildi.
Heydər Əliyev Fondu tərəfindən 2021-ci ildə "Xarıbülbül" musiqi festivalı və Vaqif Poeziya Günləri yenidən təşkil olundu.
“Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” və “Yenidən doğma diyarda: Qarabağın sənət inciləri” adlı sərgilər nümayiş olundu.