Gövhərağa məscidləri

About Shusha

Qarabağın sonuncu xanı İbrahim xanın qızı Gövhərağa (əsl adı Gövhərnisə) həm də öz dövrünün məşhur xeyriyyəçilərindən olmuşdur.

Onun vəsaiti hesabına tikilən Aşağı Gövhərağa məscidi Şuşa şəhərində 1874-1875-ci illərdə memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən inşa edilmişdir.

Məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”na daxil edilib. 1992-ci ilin mayında Şuşanın işğalı zamanı Aşağı Gövhərağa məscidinin binası və minarələri zirehli texnikanın atəşlərinə məruz qalaraq ciddi zədələnibdir.

Yuxarı Gövhər ağa məscidi isə 1883-84-cü illərdə, yəni Aşağı Gövhər ağa məscidindən təxminən səkkiz il sonra Gövhər ağanın vəsaiti hesabına memar Kərbəlayı Səfixan Qarabaği tikib.

Planı təqribən kvadrat formada olan (21,30 х 26,20 m) bu məscid ümumən Ağdam Cümə və Aşağı Gövhər ağa məscidlərinin konstruksiya ideyasını saхlayır. Zalın yan divarları boyu quraşdırılmış ikinci mərtəbədəki qadınlar üçün eyvan və mehrabla üzbəüz tərəfdəki şüşəbənd də memarın əsas tikinti meyarlarındandır.

Yuхarı Gövhərağa məscidinin minarə kürsülüyü əvvəlki məscidlərdə olduğu kimi təbii əhəng daşı ilə olsa da, onun gövdəsində işlədilmiş həndəsi ornamentlər heç də Aşağı Gövhərağa məscidinin minarə bəzəklərinə uyğun deyil. Onlar əsasən Ağdam Cümə məscidinin minarələrindəki həndəsi ornamentlərin bədii ideyasını davam etdirir. Minarələrin çardaq örtüyü ağac materiallarından quraşdırılıb. Onun son ucluğunu aypara şəkilli fiqur bəzəyir.

1969-cu ildən tarix muzeyi kimi istifadə edilən bu məscid 1992-ci ilin mayında Şuşa şəhərinin işğalından sonra erməni vandalları tərəfindən dağıdılmışdı.

Azərbaycan ordusu 2020-ci il noyabrın 8-də Şuşa şəhərini işğaldan azad etdikdən sonra Heydər Əliyev Fondu tərəfindən məscidlərdə bərpa işləri  həyata keçirilir. 
 

Şuşanın görüləsi yerləri