Üzeyir Hacıbəyovun ev-muzeyi
Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun Şuşadakı ev-muzeyi 1959-cu ildə yaradılmışdır.
Ev-muzeyi 1992-ci il Şuşanın erməni qəsbkarları tərəfindən işğalına kimi fəaliyyət göstərmişdir. Muzeyin ekspozisiyasında Hacıbəyovlar ailəsinə məxsus ev əşyaları ilə yanaşı, Üzeyir bəyin şəxsi əşyaları, şəkilləri, kitabları, ona həsr olunmuş və muzeyə bağışlanmış kitablar mühüm yer tuturdu.
Ü. Hacıbəyovun anadan olmasının ildönümləri, yubileyləri muzeydə mütəmadi surətdə dövlət səviyyəsində qeyd olunmuşdur. 1985-ci ildə Üzeyir Hacıbəyovun 100 illik yubileyi YUNESKO tərəfindən geniş qeyd olunmuş, dünyanın bir çox ölkəsindən gəlmiş qonaqlar Ü. Hacıbəyovun Şuşadakı ev-muzeyini ziyarət etmiş, burada böyük yubiley tədbirləri keçirilmişdir.
1992-ci ilin may ayının 8-də Şuşa şəhərinin erməni təcavüzkarları tərəfindən işğalından sonra muzey fəaliyyətini dayandırmışdır. Muzey rəhbərliyinin səyləri nəticəsində muzeyin eksponatlarının işğal olunmasına, düşmən əlinə keçməsinə yol verilməmişdir. Muzeyin eksponatları hazırda Ü. Hacıbəyovun Bakıdakı ev muzeyinin fondlarında saxlanılır.
Azərbaycan ordusu 2020-ci il noyabrın 8-də Şuşa şəhərini işğaldan azad etdikdən sonra hal-hazırda dahi bəstəkarın Şuşadakı ev muzeyində bərpa işləri həyata keçirilir.