Xurşidbanu Natəvanın evi

About Shusha

Görkəmli Azərbaycan şairəsi, xan qızı adı ilə tanınan Xurşidbanu Natəvanın ikimərtəbəli evi XVIII əsrə aid tarix-memarlıq abidəsidir.

Binanın birinci mərtəbəsində xidməti xarakterli və xidmətçilərin yaşaması üçün nəzərdə tutulmuş yeddi otaq yerləşir. Cənub tərəfdə üç giriş qapısı yerləşir. Onlardan ortada yerləşən qapı dəhlizə, yanlarda yerləşən digər iki qapı isə yan otaqlara aparır.

Tikilinin cənub fasadı vertikal şəkildə yerləşdirilmiş bellərlə bölünmüşdür. İkinci mərtəbənin pəncərələrini çərçivəyə alan bellər isə digərləri ilə müqayisədə daha da genişləndirilmişdir.

Xurşidbanu Natəvanın evi Şuşanın ilk zamanlarında inşa edilmiş mülklərindən biridir. Natəvanın sarayı böyük bir ərazini əhatə edən həyət və bu həyətdə müxtəlif xidməti tikililərə də malikdir.

Bülbülün təşəbbüsü ilə  10 oktyabr 1932-ci ildə rəsmi olaraq bu tarixi yerdə Azərbaycan Şuşa Musiqi Məktəbi yaradıldı (bu həm də Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi idi).

1987-ci ildə binada restavrasiya işləri aparılmış və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin filialı olan Xurşidbanu Natəvanın ev-muzeyi fəaliyyətə başlamışdır. 

 Şuşanı işğal etdikdən sonra abidə  ermənilər tərəfindən dağıdılıb.

 Azərbaycan ordusu 2020-ci il noyabrın 8-də Şuşa şəhərini işğaldan azad etdikdən sonra tarixi abidələrin bərpası üçün dövlət xüsusi proqram həyata keçirir.

Şuşanın görüləsi yerləri