XX əsr
Azərbaycanlılar tərəfindən salınan və uzun müddət əhalisinin mütləq əksəriyyətini Azərbaycan türkləri təşkil edən Şuşa şəhəri XIX əsrin əvvəllərində baş vermiş Rusiya işğalından sonra ciddi demoqrafik dəyişikliklərlə üzləşdi. Azərbaycanın digər yaşayış məntəqələri kimi, Şuşaya da ermənilərin köçürülməsinə başlanıldı. Çar hökumətinin himayəsi ilə Şuşada müvəqqəti də olsa say üstünlüyünə nail olan ermənilər şəhərin köklü sakinləri olan azərbaycanlıları sıxışdırmağa başladılar. 1905-1906-cı illərdə azərbaycanlılara qarşı qanlı terror və soyqırımı təşkil edildi. Ermənilər bu əməllərini 1918-1920-ci illərdə də təkrar etməyə cəhd göstərsələr də Azərbaycan Xalq Cümhuriyyətinin silahlı qüvvələri tərəfindən dəf edildilər.
Sovet hakimiyyətinin qurulması ilə Şuşanın fəlakətli günləri başlandı. Dağlıq Qarabağda rəhbər vəzifələri ələ keçirən ermənilər şəhərin azərbaycanlı əhalisinə qarşı repressiyalara başladılar. 1923-cü ildə DQMV-nin yaradılması və Xankəndinin onun mərkəzi seçilməsi ilə Şuşa Qarabağın inzibati mərkəzi olmaq funksiyasından məhrum edildi. Bununla da Şuşa şəhərinin və orada yaşayan azərbaycanlıların vəziyyəti xeyli pisləşdi. Vilayət rəhbərliyinin ögey münasibəti nəticəsində şəhər sürətlə tənəzzül etməyə başladı. Azərbaycan xalqının tarixi-memarlıq abidələrinin bir çoxu uçurdulub dağıdıldı. Əhalinin sayı təxminən, 50 il ərzində 3 dəfədən də çox azaldı. Belə ki, 1917-ci ildə Şuşada 43869 nəfər əhali yaşadığı halda, 1970-ci ildə onların sayı azalıb 13664 nəfərə enmişdi.
Şuşanın yenidən dirçəlməsi yalnız 1969-cu ildə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gətirilməsindən sonra mümkün oldu. 1977-ci ildə Azərbaycan SSR Nazirlər Soveti «Şuşa şəhərinin tarixi hissəsinin tarix-memarlıq qoruğu elan etmək haqqında» qərar qəbul etdi. Şəhərin sosial-iqtisadi və mədəni həyatının dirçəldilməsi üçün mühüm tədbirlər həyata keçirildi. Bütün bu tədbirlər nəticəsində şəhərdə əhalinin sayı artaraq 1989-cu ildə 20579 nəfərə çatdı.
Lakin Şuşada başlanmış bu dirçəliş uzun çəkmədi. 1992-ci il mayın 8-də şəhər erməni silahlı qüvvələri tərəfindən işğal olundu. İşğal prosesində və işğaldan keçən 20 il ərzində Şuşanın tarixi-memarlıq abidələri erməni vandalları tərəfindən amansızcasına dağıdıldı.
2020-ci il 8 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə Şuşa şəhərinin işğaldan azad edilməsi xəbərini verdi.