XIX əsr
Şuşa şəhəri özünün sənətkarlıq məhsulları ilə də şöhrət qazanmışdı. XIX əsrin əvvəllərində şəhərdə 50-dən artıq sənət sahəsi üzrə ixtisaslaşmış böyük sənətkarlar ordusu fəaliyyət göstərirdi. Onların arasında toxucular, papaqçılar, çəkməçilər, dərzilər, dülgərlər, həllaclar çoxluq təşkil edirdi. Şəhərdə toxuculuq və xalçaçılıq xüsusilə yüksək inkişaf səviyyəsinə çatmışdı. XIX əsrin əvvəllərində burada müxtəlif növ parçalar istehsal edən 500 toxucu dəzgahı işləyirdi. Kapitalist münasibətlərinin sürətli inkişafı Şuşada ipəkçiliyin fabrik-zavod istehsalı səviyyəsinə yüksəlməsinə gətirib çıxardı. Artıq XIX əsrin 60-cı illərində şəhərdə illik istehsal gücü 78 min rubla bərabər olan 16 ipəksarıma fabriki fəaliyyət göstərirdi.
Şuşa Azərbaycanda xalça istehsalının da mühüm mərkəzlərindən biri idi. XIX əsrin sonlarında dünya bazarlarında Azərbaycan xalçalarına tələbatın artması Şuşada xalçaçılığın daha da inkişaf etməsinə səbəb oldu. Bu dövrdə şəhərdə hər il ümumi dəyəri 50 min rubla bərabər olan xalça məmulatı istehsal edilirdi. Şuşa xalçaları bədii xüsusiyyətlərinə görə iki böyük qrupa – ornamentli və süjetli xalçalara bölünürdü. Əsasən, XVIII-XIX əsrlər üçün xarakterik olan ornamentli Şuşa xalçalarında nəbati ünsürlər üstünlük təşkil edirdi.
Şuşada boyaqçılıq, gön-dəri məmulatı istehsalı və metalişləmə sənətləri də yüksək inkişaf səviyyəsinə çatmışdı. Şuşalı boyaqçılar müxtəlif növ bitkilərdən istifadə edərək 50-yə qədər rəng və rəng çaları almağı bacarırdılar. XIX əsrin sonu - XX əsrin əvvəllərində Şuşada fəaliyyət göstərən 8 boyaq xananın illik istehsal gücü 69500 rubla çatırdı. Elə həmin dövrdə şəhərdə 200 nəfərə yaxın sənətkar gön-dəri məmulatı istehsalı ilə məşğul olurdu. XIX əsrin sonlarında Şuşada 78 nəfər zərgər müxtəlif növ baş, boyun, sinə, qulaq, bel, qol və barmaq üçün zərgərlik məmulatları hazırlayırdılar.