XVIII əsr

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 2020-ci il noyabrın 8-i Azərbaycan xalqına müraciətində Şuşa şəhərinin erməni işğalından azad edildiyini bəyan edərək, Azərbaycanın son iki yüz illik tarixinin ən möhtəşəm müjdəsini veribdir. Şuşanın işğaldan azad edilməsi Azərbaycanın siyasi, hərbi və mənəvi qələbəsini tamamladı.

Şuşa şəhərinin əsasının qoyulması Qarabağ xanlığının banisi Pənahəli xan Cavanşirin adı ilə bağlıdır. 1748-ci ildə Bayat və 1751/52-ci ildə salınmış Şahbulaq qalalarının etibarlı olmadığını görən Pənahəli xan «dağların içində, möhkəm və keçilməz yerdə əbədi və sarsılmaz qala» tikdirmək qərarına gəldi. Xanlığın mərkəzi hələ Şahbulaq qalasında olarkən dəniz səviyyəsindən 1300-1600 m hündürlükdə yerləşən əlçatmaz dağ yaylasında yeni şəhər-qalanın tikinti işlərinə başlanıldı.

Əhalinin təhlükəsizliyi üçün zəruri işlər görüldükdən sonra 1756/57-ci ildə Pənahəli xan Qarabağ xanlığının paytaxtını Şahbulaq qalasından yeni salınmış şəhər-qalaya köçürdü. Bu şəhər ilk dövrlərdə öz banisinin adı ilə Pənahabad, onun ölümündən sonra isə yerləşdiyi relyefə uyğun olaraq Şuşa adlandırıldı. Şəhər üç tərəfdən sıldırım qayalarla, dördüncü tərəfdən isə möhkəm qala divarları ilə əhatə olunmuş, uzun müddət alınmaz qala kimi şöhrət qazanmışdı.

Şəhərin xarici aləmlə əlaqəsi Gəncə, Ağoğlan və İrəvan qapıları vasitəsilə həyata keçirilirdi. Şuşanın bir şəhər kimi formalaşması bir neçə mərhələdən keçmişdir. Pənahəli xanın hakimiyyət dövrünü (1748-1763) əhatə edən birinci mərhələdə Şuşanın ilk böyük məhəlləsi, sonralar Aşağı məhəllə adlandırılan Təbrizli məhəlləsi salınmışdır. Əhalisinin əksəriyyətini vaxtilə Təbriz və Ərdəbildən Bayat qalasına köçürülmüş sənətkarlar təşkil edən bu məhəllədə aşağıdakı kiçik məhəllələr – Çuxur, Qurdlar, Culfalar, Seyidli, Quyular, Merdinli, Hacı Yusifli, Qazançalı və Çöl qala məhəllələri yerləşirdi.

Şuşanın bir şəhər kimi formalaşmasının ikinci mərhələsi İbrahimxəlil xanın hakimiyyəti dövrünü (1763-1806) əhatə edir. Bu mərhələdə Şuşanın 8 kiçik məhəllədən (Xanlıq, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam qabağı, Təzə) ibarət olan ikinci böyük məhəlləsi – Yuxarı məhəllə formalaşmışdır. XVIII əsrin ikinci yarısı Şuşa şəhəri tarixinin ən şanlı səhifələrindəndir. Bu dövrdə şəhər dəfələrlə hücumlara məruz qalsa da, düşmən qarşısında baş əyməmiş, özünün alınmaz qala olduğunu sübut etmişdi. 1757-ci ildə Məhəmmədhəsən xan Qacar, 1760-cı ildə Fətəli xan Əfşar, 1795-ci ildə Ağa Məhəmməd xan Qacar kimi məşhur sərkərdələr də qəhrəman Şuşa şəhərini ala bilməmişdilər. Pənahəli xanın və İbrahimxəlil xanın mahir azərbaycanlı ustaların əli ilə yaratdıqları müdafiə qurğuları düşmən hücumlarının dəf edilməsində mühüm rol oynamışdı. 

Şuşa uzun müddət Qarabağın inzibati mərkəzi olmaqla yanaşı, həm də çox mühüm iqtisadi mərkəz idi. Əsas ticarət və sənətkarlıq obyektləri şəhərin mərkəzi rolunu oynayan Aşağıbazar və Meydan adlandırılan ərazidə cəmləşmişdi. Burada çoxlu ticarət dükanı və sənətkar emalatxanası ilə yanaşı, bir neçə karvansara və hamam da tikilib istifadəyə verilmişdi.

Şuşa şəhəri XVIII əsrin sonlarından başlayaraq bütün Cənubi Qafqazın mühüm ticarət mərkəzlərindən birinə çevrilmişdi. Tacirlər Şuşaya Dərbənddən qızıl boya, Şəkidən silah, ipək, mahud, Bakıdan neft və zəfəran, Naxçıvandan duz və bez parça, Gəncədən zəy və meyvə gətirirdilər. Şuşanın ticarət əlaqələrində Cənubi Azərbaycan və İran şəhərləri, habelə Osmanlı imperiyası, Rusiya, Hindistan və Avropa ölkələri mühüm rol oynayırdılar. Şuşalı tacirlər Almaniyanın məşhur Leypsiq, Rusiyanın Nijni-Novqorod yarmarkalarının daimi iştirakçıları idilər. 

Şuşanın görüləsi yerləri