Azad edilmiş ərazilərdə mədəni irs abidələrinin bərpası üzrə dəyirmi masa keçirilib

Azad edilmiş ərazilərdə mədəni irs abidələrinin bərpası üzrə dəyirmi masa keçirilib

Heydər Əliyev Mərkəzində "İşğaldan azad edilmiş ərazilərdə mədəni irs abidələrinin bərpası üzrə layihələr: hədəflər, çağırışlar, xüsusiyyətlər, perspektivlər" mövzusunda "dəyirmi masa" keçirilib.

Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov tədbirdə çıxış edib. Bildirib ki, otuz ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan ərazilərimiz Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi nəticəsində azad edildikdən sonra burada genişmiqyaslı quruculuq-bərpa işlərinə start verilib. Bölgədə infrastruktur layihələri ilə yanaşı, tarixi və mədəniyyət abidələrinin inventarlaşdırılması, mühafizəsi, o cümlədən bərpası istiqamətində genişmiqyaslı işlərin həyata keçirilməkdə olduğunu deyib.

“Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2020-ci il dekabrın 8-də Fondun işğaldan azad edilən ərazilərdəki mədəni-dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başladığını bəyan etdi. Bununla da Heydər Əliyev Fondu tarixi bərpa işlərində dövlət tərəfindən həyata keçirilən layihələrə vətəndaş cəmiyyətinin üzvü kimi öz dəstəyini göstərir. 

Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhərin tarixi görkəminin bərpası üzrə qısa müddət ərzində böyük işlər görülüb. Şəhərin tarixi abidələr yerləşən hissələri zonalara ayrılıb. “Bildiyimiz kimi, təkcə Şuşa şəhərində 150-dən çox tarixi abidə mövcuddur. Bu abidələrin hər birinin bərpası bizim üçün xüsusi önəm daşıyır. Prezident İlham Əliyevin Şuşanın mədəniyyət paytaxtı elan edilməsi barədə Sərəncam imzalaması şəhərin xüsusi əhəmiyyətə malik olduğunu bir daha göstərir. Buna görə də Şuşanın bərpası və yenidənqurması xüsusi həssaslıqla aparılır”, - deyə Aydın Kərimov bildirib.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov rəhbərlik etdiyi qurumun gördüyü işlərdən danışıb. Bildirib ki, mühafizəsinə ehtiyac olan tarixi abidələrlə iş xüsusi həssaslıqla görülür. Şəhərin baş planının hazırlanması istiqamətində xarici mütəxəssislərlə birgə müzakirələr aparılır. Şuşalıların doğma şəhərlərinə mütəmadi səfərləri təşkil olunub, eyni zamanda, onların köçürülməsi və şəhərdə çalışan insanların yerləşdirilməsi istiqamətində də işlər həyata keçirilir.
Şuşa şəhərində Mehmandarovlar malikanə kompleksinin bərpası ilə bağlı danışan "Cronos” şirkətinin baş bərpaçısı Uğur Miralay bildirib ki, digər tarixi abidələrimiz kimi, bu maddi-mədəniyyət tikilisi də erməni işğalı dövründə dağıntılara məruz qalıb. Hazırda burada da bərpa işləri aparılır, abidənin əvvəlki görkəmi özünə qaytarılır. Aparılan işlər zamanı tarixi mənbələrdəki fotolardan istifadə edilir.

Xəbərlər