Şuşanın azad olunmasından sonra ilk dəfə Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı keçirilib

Şuşanın azad olunmasından sonra ilk dəfə Cıdır düzündə “Xarıbülbül” musiqi  festivalı keçirilib

(Şuşa, 12-13 may, 2021) –  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 2021-ci il may ayının 12-də ölkəmizin mədəniyyət paytaxtı Şuşada- Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı keçirilib.

Cənab Prezident İlham Əliyev musiqi festivalının açılışında çıxış edərək, bu günün ölkəmizin tarixində əlamətdar bir gün olduğunu vurğulayıb. “Xarıbülbül” musiqi festivalının şəhidlərimizin əziz xatirəsinə həsr olunduğunu, qazandığımız qələbəni qəhrəman hərbçilərimizə və Azərbaycan xalqına borclu olduğumuzu öz nitqində festival iştirakçılarına çatdırıb. Həmçinin “Xarıbülbül” musiqi festivalının Şuşada hər il keçiriləcəyi ilə bağlı məlumat verərək, 2021-ci ildə keçirilən festivalın Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə etdiyini bildirib.

“Xarıbülbül” musiqi festivalının növbəti günündə- may ayının 13-də burada qala-konsert təşkil olunub.

Cənab Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva qala-konsertdə festival ifaçılarının çıxışlarını dinləyiblər.

Festival çərçivəsində Xalq artistləri Alim Qasımov, Azərin, Dinarə Əliyeva, Elçin Əzizov, Əlixan Səmədov, Fərhad Bədəlbəyli, Mənsum İbrahimov, Murad Adıgözəlzadə, Natiq Şirinov, Polad Bülbüloğlu, Samir Cəfərov, Teyyub Aslanov, Yusif Eyvazov, Əməkdar artistlər Fərqanə Qasımova, Mirələm Mirələmov, Sahib Paşazadə, Şəhriyar İmanov, Şirzad Fətəliyev və digər ifaçıların çıxışları alqışlarla qarşılanıb.

Qala-konsertdə Xalq artistləri Rauf Abdullayev, Yalçın Adıgözəlov, Əməkdar artist Fuad İbrahimov və Murtuza Bülbülün dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Xalq artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası çıxış ediblər. Konsertdə Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Ələkbər Tağıyevin, Müslüm Maqomayevin, Niyazinin, Tofiq Quliyevin, Vasif Adıgözəlovun və digər bəstəkarların əsərləri təqdim olunub.

Konsertdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vaxtı ilə işğal altında olan ərazilərimiz haqqında fikirlərini, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpa olunmasını əks etdirən videoçarx təqdim edilib.

Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsindən sonra ilk dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı incəsənət xadimlərinin “Azərbaycan” mahnısının birgə ifası ilə yekunlaşıb.

Konsert bitəndən sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalda iştirak edən incəsənət xadimləri ilə görüşüblər. Cıdır düzündə hamı birlikdə “Qarabağ Azərbaycandır!” söyləyib. 

Xəbərlər