Niyazi (1912-1984)
Niyazi Zülfüqar oğlu Tağızadə–Hacıbəyov 1912-ci ildə avqustun 20-də Tbilisi şəhərində dövrünün tanınmış bəstəkarı Zülfüqar Hacıbəyovun ailəsində anadan olmuşdur. Əslən Şuşalıdır.
Xosrov və Şirin" operasının (1942), "Çitra" baletinin (1961), "Zaqatala süitası" (1934), "Qaytağı" (1939), "Konsert valsı" simfonik əsərlərinin, "Rast" simfonik müğamının (1949) "1920-ci ildə" opera-kantatasının, simfonik orkestr üçün "Rəqs süitası"nın, Hindistan yazıçısı Rabindranat Taqorun əsərləri əsasında yaratdığı "Çitra" baletininin (1962) və sairə musiqi əsərlərinin müəllifidir.
Niyazi Z. Hacıbəylinin "Aşıq Qərib", Ü. Hacıbəylinin "Arşın mal alan" və s. əsərlərinin yeni redaksiyalarını hazırlamış, Azərbaycan xalq mahnılarını ("Xumar oldum", "Qaragilə", "Ay bəri bax", "Küçələrə su səpmişəm" və s. ) simfonik orkestr üçün işləmiş, 1935-ci ildə "Rast" və "Şur" muğamlarını nota salmışdır.
Niyazi 1934-cü ildə "Zaqatala süitası"nı yazmış, 1944-cü ildə iki hissəli "Qəhrəmanlıq" simfoniyası üzərində işini bitirmişdir. Azərbaycan musiqisində ilk simfonik əsərlərin müəlliflərindən olan Niyazi milli simfonizmin təşəkkülü və inkişafında əhəmiyyətli rol oynamışdır. Azərbaycan milli dirijorluq məktəbinin formalaşması Niyazinin adı ilə bağlıdır.
İfaçılıq sənəti tanınmış sənətkarlar D. Şostakoviç. Ş. Q. Şarayev, K. Sekki, B. Tarcan, V. Dobiaş və b. tərəfindən yüksək qiymətləndirilən Niyazi Azərbaycana qayıdaraq Dövlət Akademik Opera və Balet Teatrının bədii rəhbəri və baş dirijoru təyin edilmişdir.
Niyazinin "Konsert valsı" və s. simfonik əsərləri, fortepiano ilə orkestr üçün konserti klassik musiqi əsərləri hesab olunur. O, "Təbrizim", "Dağlar qızı", "Vətən haqqında mahnı", "Arzu" mahnılarının müəllifidir. Niyazi Ə. Haqverdiyevin "Dağılan tifaq", C. Cabbarlının "Almas", S. Vurğunun "Vaqif, A. Korneyçukun "Polad qartal" dram tamaşalarına, həmçinin "Almas", "Kəndlilər", "Fətəli xan" və s. kinofilmlərə yazılmış musiqilərin müəllifidir.
Niyazi 1984-cü ildə avqustun 2-də Bakı şəhərində vəfat etmişdir.