Soltan Hacıbəyov (1919-1974)
Soltan Hacıbəyov Azərbaycan musiqi mədəniyyəti tarixinə özünəməxsus istedada malik bəstəkar, pedaqoq, musiqi ictimai xadimi kimi daxil olmuşdur. S.Hacıbəyovun yaradıcılıq siması aydınlığı, dünyagörüşünün saflığı, şairanəliyi ilə fərqlənir. Bəstəkar eyni zamanda musiqidə peyzaj rəsmlərinin gözəl ustası kimi tanınır. Onun musiqisində parlaq milli koloritli janr obrazları üstünlük təşkil edir.
Soltan Hacıbəyov 1919-cu ildə ulu mədəniyyət mərkəzimiz Şuşada dünyaya gəlib. Gələcək bəstəkarın yetişməsində, formalaşmasında xalq musiqisinin böyük təsiri olub. Soltan Hacıbəyovun yaradıcılıq yolu ötən əsrin 30-cu illərin axırı, 40-cı illərin əvvəllərinə təsadüf edir. Bu dövr Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük əhəmiyyətə malik idi.
Bəstəkarın ilk əsəri xor və simfonik orkestr üçün yazılmış "Pioner kantata"sı və "Qızıl gül" musiqili komediyasıdır. 1939-cu ildə bəstəkar Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə, professor Zeydmanın sinfinə daxil olur.
O, İki prelüd və fortepiano üçün sonata, İ. Zamanlının sözlərinə yazılmış "Çiçəklərin söhbəti", "Neft haqqında nəğmə" mahnılarını, "Quşcuğaz", "Tənha yelkən ağarır" romanslarını, simli kvartet, simfonik variasiyalar (1943), Böyük Vətən müharibəsi illərində S.Hacıbəyov "Döyüşçülər nəğməsi", 416-cı Taqanroq diviziyasına həsr edilmiş xalq çalğı alətləri orkestri üçün marş əsərlərini bəstələyir.
1945-ci ildə Türkmənistan Opera və Balet teatrı S. Hacıbəyova "Kəminə və Qazı" operasını yazmağı sifariş edir. Həmin əsərin simfonik parçası "Karvan" adlanır.