Xurşidbanu Natəvan (1832-1897)
Natəvan 15 avqust 1832-ci ildə Şuşada anadan olmuşdur. Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını vermişdir. Xurşidbanu ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sonuncu vərəsəsi olduğu üçün, onu sarayda « Dürrü yekta» (Tək inci), el arasında isə «Xan qızı» çağırmışlar.
XIX əsrdə kübar ailələrin uşaqlarına bir qayda olaraq doğma dili ilə bərabər, ərəb və fars dili təlim edildiyindən, Xan qızı da bu dilləri öyrənmiş, onların vasitəsilə klassik şeirin qayda-qanunlarını mənimsəmişdir. Dahi şərq şairlərin ələ düşən nadir kitabları, qiymətli əlyazmaları Xurşidbanunu klassik ədəbiyyata bağlamışdır.
Xurşidbanu Natəvan parlaq istedada və qabaqcıl ideallara malik olan şəxsiyyət olmuşdur. Bu fenomenin meydana gəlməsinin bir neçə əsas səbəbi vardır. Bunlardan birisi şairənin soy köküdür. Yəni, Natəvanda iki böyük nəslin – Cavanşirlərin və Ziyadoğlu Qacarların qanı vardır.
Xurşidbanu Natəvan zəmanəsinin görkəmli şəxsiyyətlərindən olmuş, təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada xeyirxahlığı və mesenatlığı ilə tanınmışdır. O, kasıblara əl tutmuş, Şuşaya su kəməri çəkdirmişdir.
Xurşidbanu Natəvan 1897-ci il, 1 oktyabrda vəfat etmişdir və Ağdamın "İmarət" qəbiristanlığında dəfn olunmuşdur. Adına küçə, klub, kitabxana və məktəb vardır. Xan qızının əlyazmaları, şəxsi geyim və əşyaları nadir eksponat kimi arxiv və müzeylərimizdə saxlanılır.
Bakıda heykəli, Şuşada büstü, Ağdamda qəbirüstü abidəsi qoyulmuşdur.