Əhməd bəy Ağaoğlu (1869- 1939)
Əhməd Bəy Ağaoğlu təkcə övladı olduğu Azərbaycan xalqının deyil, bütün türk-islam dünyasının ədəbi-mədəni və ictimai-siyasi fikir tarixində diqqətəlayiq yer tutan görkəmli şəxsiyyətlərdən biridir.
Sorbon Universitetində təhsil aldığı dövrdə Əhməd bəy Yaxın Şərq haqqında çap edilmiş iki kitaba rəy yazır, bundan əlavə, Tiflisdə çıxan rusdilli “Kavkaz” qəzetinə məqalələr göndərir.
Fransada təhsil aldıqdan sonra geri qayıdan Əhməd bəy Ağaoğlu 1896-cı ildə Şuşada ilk kitabxana, qiraətxana açıb. 1897-ci ildə isə H.Z.Tağıyevin dəvəti ilə Bakıya gəlib, "Kaspi" qəzetində məqalələr yazıb və Ə.Hüseynzadə ilə birlikdə “Həyat” qəzetində redaktorluq edib.
Sonralar türkçülüyün tanınmış xadimi kimi məşhurlaşmış Əhməd bəy Azərbaycan Xalq Cümhuriyyətinin köməyinə gəlmiş Qafqaz İslam Ordusu komandanının siyasi müşaviri olmuşdur. Siyasi fəaliyyəti çox aktiv olan Əhməd Ağaoğlunun eyni zamanda tez-tez ən müxtəlif mövzularda – İslam tarixi, siyasi-ideoloji məsələlərlə bağlı, milli və beynəlxalq həyatın çeşidli yönləri, beynəlxalq siyasət haqqında onlarca məqalə dərc etdirmişdir.